TƏHSİL

Təkrar sertifikatlaşdırmadan sonra yaranan vakant yerlərə yeni müəllimlər təyin olunublar

Əmək müqaviləsinə xitam verilən müəllimlərin əvvəl işlədikləri bir çox müəssisələrdə mövcud müəllim sıxlığı nəzərə alınıb və onların dərs yükləri məktəbdəki digər ibtidai sinif müəllimlərinə verilib.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Təkrar sertifikatlaşdırma nəticələrinə əsasən, ibtidai sinif müəllimliyi üzrə yeni yaranan 249 vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, vakansiya seçimi mərhələsində həmin yerlər uyğun olan namizədlər tərəfindən tutulub.
Əmək müqaviləsinə xitam verilən müəllimlərin əvvəl işlədikləri bir çox müəssisələrdə mövcud müəllim sıxlığı nəzərə alınıb və onların dərs yükləri məktəbdəki digər ibtidai sinif müəllimlərinə verilib. Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib. Bu da həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edir.
443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, sertifikatlaşdırma mövcud vəziyyətin sağlamlaşdırılmasında pozitiv addım kimi dəyərləndirilməlidir.
Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 min 211 ibtidai sinif müəllimi iştirak edib. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplamış 5 mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Bu isə müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasından əlavə həm də onlar arasında sağlam rəqabət mühitinin formalaşmasında son dərəcə böyük rol oynayır.
Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşımaqla yanaşı təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində çox əhəmiyyətli nailiyyətlərin əldə olunmasına zəmin yaradır.
07.09.23, 10:37
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Təhsil İnstitutundan xəbər verilib.
Qeyd edək ki, 8 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Xatırladaq ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.