BAKI, 25 sentyabr — Sputnik. ABŞ-ın Ukraynaya təhvil verməyi düşündüyü "ATACMS" raketləri qara bazarda görünə bilər və bu, Qərbdə ciddi narahatlığa səbəb ola bilər.
Bunu İngiltərə Hərbi Hava Qüvvələrinin istefada olan vitse-marşalı Şon Bell "Sky News" telekanalında deyib.
"Hər dəfə Ukraynaya silahlar təhvil verildikdə, onların bəzilərinin qara bazarda olma ehtimalı olur", - deyə Bell vurğulayıb.
Vitse-marşal həmçinin qeyd edib ki, "ATACMS" raketləri Rusiya ərazisinin dərinliyinə zərbələr endirmək qabiliyyətinə malikdir, lakin ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskidən onlardan bu şəkildə istifadə olunmayacağına dair vədlər istəyir.
Bu yaxınlarda ABŞ Silahlı Qüvvələrinin sabiq kəşfiyyatçısı Skott Ritter bəyan edib ki, Rusiya "ATACMS" raketlərinin tədarükü fonunda Ukraynanın əsas infrastrukturunu məhv edəcək. Raketlərin özləri yalnız münaqişənin gərginləşməsi üçün təxribat rolunu oynayacaq və döyüş meydanındakı vəziyyəti heç bir şəkildə dəyişməyəcək.