DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Politico: Zaporojyedəki xəstəxanalarda kifayət qədər dərman yoxdur

Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Zaporojye şəhərindəki Ukrayna xəstəxanaları dərman çatışmazlığı səbəbindən cəbhə bölgəsindən gələn yaralıların öhdəsindən gəlməkdə çətinlik çəkir.
Bu barədə Rusiya mediası “Politico”nun yazdığına istinadən xəbər verib.
"Hazırda çox sayda yaralı var və onlar gəlməyə davam edirlər. Buna görə daha davamlı dəstəyə ehtiyacımız var, ancaq hökumətimiz çox ləng işləyir”, - deyə cərrahlardan biri bildirib.
Məlumatda qeyd edilir ki, hökumət lazımi resursların tədarükünü azaldıb və bundan əlavə, bütün dərman və tibbi materiallar xəstəxanalara tam həcmdə çatmır.
Bu yaxınlarda ABŞ-ın sabiq kəşfiyyatçısı Skott Ritter bildirib ki, Kiyev tərəfindən əks-hücuma atılan Ukrayna ordusunun demək olar ki, bütün bölmələri döyüş qabiliyyətini itirib. O xatırladıb ki, briqada itkiləri 50-69% arasında olarsa, döyüş üçün yararsız sayılır.
Bu yaxınlarda məlum olub ki, qadın əczaçılar tezliklə hərbi qeydiyyata alınması səbəbindən kütləvi şəkildə Ukraynanı tərk etməyə başlayıblar. Baş verənlər aptek sahibləri arasında çaxnaşma yaradır, çünki onlar bu vəziyyətdə nə edəcəklərini bilmirlər.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.