Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Hərbi attaşelər antiterror tədbirlərindən sonra Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçiriblər. Onlar erməni separatçılarından təmizlənən döyüş məntəqəsində olublar.
Hərbi attaşelər həmçinin ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.
Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən məlumat verilib.
Səfər iştirakçılarına bildirilib ki, indiyədək bu ərazi dünyanın bəlkə də militarizasiya səviyyəsi ən yüksək olan bölgədir. Ərazi və əhali baxımından dünyada bu qədər silah-sursatın olduğu yer tapmağın çətin olduğu deyilib.
Qeyd olunub ki, Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları istiqamətində görülən işlər davam etdirilir.