MƏDƏNİYYƏT

"Üzeyir Hacıbəylinin musiqi inciləri" adlı fotosərgi açılacaq

Sərginin əsas məqsədi Azərbaycan musiqisi və Üzeyir Hacıbəyli yaradıcılığının təbliği, o cümlədən ölkəmizdə bu il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına diqqətin artırılmasıdır.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 25-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında "Üzeyir Hacıbəylinin musiqi inciləri" adlı fotosərgi təşkil olunacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə BMA nəzdindəki Opera Studiyası tərəfindən təşkil olunan sərginin ekspozisiyasına jurnalist-fotomüxbir Rüstəm Qasımovun Üzeyir Hacıbəylinin "Leyli və Məcnun""Koroğlu" operaları, "Arşın mal alan" "O olmasın, bu olsun" operettalarından çəkdiyi şəkillər daxil edilib.
Dahi Azərbaycan bəstəkarı, musiqişünas, dramaturq, pedaqoq və ictimai xadimin Üzeyir Hacıbəylinin yaradıcılığının geniş və çoxşaxəli olmasına baxmayaraq, ziyarətçilərə Rüstəm Qasımovun son bir neçə ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunan 4 tamaşadan çəkdiyi fotoşəkillər təqdim olunacaq.
Ekspozisiyaya əvvəldən quruluş verilən heç bir fotoşəkil daxil edilməyib. Bütün kadrlar istisnasız olaraq tamaşaların nümayişi zamanı çəkilib. Sərgilənən fotoşəkillərin unikallığı da məhz bundadır. Bunlar sadəcə statik kadrlar yox, davam edən hadisəni, dinamikanı, emosiyanı, hissi, ovqatı, həyəcanı əks etdirən fotoşəkillərdir. Şəkillərdə əsas diqqət emosional tərkibə, mimika və jestlərə yönəldilib. Fotolar Azərbaycan incəsənət ustalarının ifasında canlandırılan Üzeyir Hacıbəylinin operalarının və musiqili komediyalarının sevilən obrazlarının xarakterini dolğun şəkildə açır.
Sərginin əsas məqsədi Azərbaycan musiqisi və Üzeyir Hacıbəyli yaradıcılığının təbliği, o cümlədən ölkəmizdə bu il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına diqqətin artırılmasıdır.
Həmin gün Opera Studiyasında "Arşın mal alan" musiqili komediyası da nümayiş etdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.