QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşanın girişinə qoyulan tank götürüldü

Həmin tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Sözügedən tank Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. 1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində "qələbə" simvolu kimi qoyulan tank abidəsi götürülüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Məlumat üçün bildirək ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada "Səbail tank taboru"nun xüsusi təyinatlı batalyonunda döyüşüb.
1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artillerist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilirlər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd-yaşıl rəngə boyayıb, 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar. A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.