BAKI, 22 sentyabr — Sputnik. San-Remo Musiqi Festivalının hitlərini Bakıda məşhur artistlər Canni Skribano, Martin Striano, Stefano Bersola, Lara Paskuali ifa edəcəklər. Onların çıxışı oktyabrın 13-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.
Sənətçilər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Volare, Felicità, L'italiano, Susanna və digər meqa-populyar kompozisiyaları ifa edəcəklər.
Sonuncu dəfə Bakıda San-Remo festivalının iştirakçıları və qaliblərinin konserti 2013-cü ildə keçirilib. O zaman konsertdə Toto Kutunyo, Pupo (Enço Qinaççi), Rikkardo Fogli, Al Bano və digər əfsanələr iştirak ediblər.
Qeyd edək ki, San-Remo festivalı 70 ildən çoxdur ki, keçirilir. O, dünyanın ən populyar mahnı müsabiqələrindən birinə çevrilib və hətta "Eurovision"un yaradılmasına ilham verib.
San-Remo Festivalında iştirak Andrea Boçelli, Paola və Kyara, Laura Pauzini və Cilyola Çinkvetti kimi bir çox məşhur italyan müğənnilərinin karyeralarının başlanğıcı olub.
Uzun illərdir ki, bu, İtaliyanın əsas mədəni tədbirlərindən biri olub. Bütün dünya üçün isə festival bu ölkənin simvollarından birinə çevrilib. Festivalın adını daşıyan kiçik San-Remo şəhəri bütün dünyada məşhurlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.