BAKI, 22 sentyabr — Sputnik. Fransanın Bretany regionunun Vannes (Vann) şəhərində fotoqraf Reza Deqati "Köhnə liman"da (Vieux Port) təşkil edilmiş sərgisi çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Əvvəlcə meydanda təşkil olunmuş sərgidə nümayiş olunan fotolar haqqında məlumat verilib. Sonra sərgi zalında fotoqrafla görüş olub. R. Deqati sərgilənən hər bir fotonun tarixçəsi haqqında ətraflı məlumat verib. Sərgidə fotoqrafın Şuşa, Ağdam, Qobustan, Ağdam, Tərtər və Oğuzda çəkilmiş fotoları nümayiş olunur. Fotoqraf uca bir məkanda stul üzərində çay stəkanı olan fotonu təqdim edərək, "Şuşada çay dəstgah"ı adlı bu əsəri haqqında ətraflı məlumat verib. Yaşıl yarpaq üzərində qan ləkələri olan fotonun tarixçəsinin ağır olduğunu deyən fotoqraf bildirib ki, Tərtərdə anası oğlunu bağa nar dərməyə göndərib. Uşaq nar dərdiyi zaman ermənilər bu ərazini bombalayıb və həmin uşağın cəsədi elə halda olub ki, onun cəsədini yox, yaşıl yarpaq üzərinə səpələnmiş qanının fotosunu çəkib.
Sərgidə nümayiş olunan fotolar arasında, həmçinin erməni işğalı zamanı viran edilmiş Ağdam şəhərinin də fotosu diqqəti cəlb edib. Bu foto düşmənin nə qədər vəhşi və zalım olduğunu əks etdirir.
Sərgidəki fotolar arasında Azərbaycan multikulturalizmini əks etdirən fotolara da yer verilib.
Yerli ictimaiyyətin nümayəndələri fotoqrafa suallarla müraciət edərək, hər bir foto haqqında ətraflı məlumat alıblar. Görüşdə Reza Deqatinin həyat yoldaşı Raşel Deqati də fotoların tarixçəsindən danışıb.
Gün ərzində ziyarətçilər sərgi zalında yerləşdirilmiş ekranda fotojurnalistin fəaliyyəti və çəkdiyi fotolar haqqında məlumat verən videoçarxı izləyirlər.
"Sükutun dərinliyi" adlanan sərgi sentyabrın sonuna qədər davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.