PAYTAXT XƏBƏRLƏRİ

Bakıda yağışdan sonra ictimai nəqliyyat niyə iflic olur? Rəsmi açıqlama - Video

Bəxtiyar Məmmədov bildirib ki, metronun Elmlər Akademiyası, 28 may stansiyası və Gənclik stansiyasında gücləndirilmiş rejim tətbiq edilir, lazım gəldikdə ehtiyat qatarlar xətə buraxılır.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. "Yağış yağan gün 9 nömrəli avtobusu dayanacaqda 1 saatdan çox gözləmişəm. Halbuki "İnşaatçılar" metrostansiyasının çıxışından MİDA-nın tikdiyi sosial evlərə piyada getsəydim, yarım saata evə çatmışdım".
Bu sözləri Sputnik Azərbaycan-a paytaxt sakini Ləman Eyvazova söyləyib. Onun sözlərinə görə, digər avtobusların da intervalında saatlarla gecikmə yaranıb.
Avtobusda və metroda acınacaqlı vəziyyət
Yağışdan sonra 205, 77 saylı avtobusların hərəkətində də böyük interval yaranıb. Sərnişin Mübariz Bayramov Sputnik Azərbaycan-a bildirib ki, axşam saatlarında bir saatdan çox 77 saylı avtobusu dayanacaqda gözləməli olur.
Avtobus gözləməkdən bezən sərnişinlər metrodan istifadə etmək istəsə də, onların bu cəhdi də uğursuz olur. Metroda hədsiz sıxlıq olduğundan sərnişinlər metronun giriş qapısından içəri daxil ola bilmir.
Yağışlı günlərdə Bakı metrosunda yaranmış sıxlıq sosial platformada da geniş müzakirəyə səbəb olub.
Qeyd edək ki, ötən il də yeni tədris ili ərəfəsi ictimai nəqliyyatda belə sıxlıq müşahidə olunurdu. Ən pisi isə odur ki, ötən ildən bu ilə heç nə dəyişməyib. İctimai nəqliyyatda problemlər nəinki olduğu kimi qalır, hətta problem daha da dərinləşib.
AYNA hansı tədbirlər görür?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və daşıma imkanlarının artırılması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirilib.
"Belə ki, "28 May" metrostansiyası ətrafında yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri yığışdırılmaqla ictimai nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib. Analoji tədbirlər "Koroğlu" metro stansiyasının qarşısında da görülüb. Kənar müdaxilə nəticəsində vaxtilə əraziyə yerləşdirilən beton məhəccərlər yığışdırılıb və avtobusların dayanacağa yaxınlaşması üçün şərait yaradılıb. Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Bakı şəhərində müntəzəm avtobus marşrutlarına əlavə 277 avtobus buraxılıb. Ümumilikdə 2011 ədəd nəqliyyat vasitəsi sərnişinlərə xidmət göstərir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək".
Bakı Metropoliteni sıxlığı necə izah edib?
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sentyabrın 15-dən-18-dək qatarların hərəkətində heç bir problem yaranmayıb:
"İntervallara əməl olunub, bu da Bakı metropoliteninin əvvəldən gördüyü tədbirlərin tərkib hissəsidir. Xüsusi gur stansiyalarda nəzarət mexanizmi tətbiq olunur. Bu qatarlara minib-düşmədə ləngimələri aradan qaldırmağa xidmət edir. Gücləndirilmiş rejimlə bağlı monitorinqlər davam etdirilir. Xüsusi yüklənmiş saatlarda texniki nüanslara diqqət yetirilir".
Onun sözlərinə görə, tədris dövründə birinci və ikinci dərs növbələri arasında keçidlər zamanı metrostansiyalarda yüklənmələr olur. Metronun Elmlər Akademiyası, 28 May və Gənclik stansiyasında gücləndirilmiş rejim tətbiq edilir, lazım gəldikdə ehtiyat qatarlar xəttə buraxılır.
B.Məmmədov metroda səhər, günorta və axşam monitorinqlərinin müzakirə olunduğunu, lazım olduqda əlavə tədbirlər görüldüyünü də söyləyib.
Çıxış yolu nədədir?
Nəqliyyat məsələləri üzr ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatın çeşidləri artırılmayanadək bu vəziyyət davam edəcək.
"Metrostansiyaların sayı artırılmalı, tramvay xətləri çəkilməlidir ki, vəziyyət qismən yaxşılaşsın. İctimai nəqliyyatda xüsusilə yağışlı havada vəziyyət daha dramatik həddə çatır. Bu vəziyyəti təhlil etsək görərik ki, səbəb yağışlı havada sərnişinlərin daha çox taksi və şəxsi avtomobillərə üstünlük verməsidir. Bu zaman yollarda yaranan sıxlıq avtobusların ləngiməsinə səbəb olur. Avtobuslar tıxacda qaldığından sərnişinlər metroya üz tutur, bu zaman da metroda basabas yaranır. Bu məsələlər bir-biri ilə zəncirvari bağlı olduğundan bütün növ ictimai nəqliyyatın hərəkəti iflic olur".
E.Muradlı çıxış yolunu ictimai nəqliyyat növlərinin sayının artırılmasında gördüyünü söyləyib.