BAKI, 22 sentyabr — Sputnik. Avropa İttifaqı (Aİ) Azərbaycanla qaz tədarükü üzrə əməkdaşlığı davam etdirir və onların keçən ilki 11,3 milyard kubmetrdən 2027-ci ilə qədər 20 milyar kubmetrə çatacağını gözləyir.
Bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə deyib.
"Qaz tədarükünü artırmaq və enerji əməkdaşlığını gücləndirmək üçün Azərbacanla anlaşma haqqında memorandumumuz var", - deyə AK nümayəndəsi bildirib.
Makfinin sözlərinə görə, Azərbaycan 2021-ci ildə Aİ-yə 8,1 milyard kubmetr qaz tədarük edib, 2022-ci ildə isə bu rəqəm 11,3 milyard kubmetrə yüksəlib.
"İndi isə məqsəd memoranduma uyğun olaraq 2027-ci ilə qədər bu cür tədarükləri illik 20 milyard kubmetr qaza qədər artırmaqdır", - deyə Makfi aydınlıq gətirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 15,8 milyard kubmetr qaz ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. Azərbaycan Respublikasından qaz ixracının ümumi həcminin 7,6 milyard kubmetri və ya bütün tədarüklərin 48%-i Avropanın payına düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.