QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yevlax görüşünün ilk təfərrüatları məlum olub - VİDEO

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiyası məsələləri müzakirə olunub.
Sputnik
BAKI, 21 sentyabr - Sputnik. Qarabağ erməniləri və rəsmi Bakı arasında danışıqlar münaqişəyə son qoyacaq sülh sazişinin imzalanması ilə yekunlaşa bilər.

Bu barədə görüşün Bakı təmsilçiləri bildiriblər.

Eyni zamanda, Qarabağ ermənilərinin təmsilçisi Bakı ilə yekun razılaşmanın əldə edilmədiyini və detalların razılaşdırılmalı olduğunu qeyd edib.
13:20
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.
Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiyası məsələləri müzakirə olunub.
11:30
Yexlax şəhərində Qarabağın erməni sakinləri ilə görüş başlayıb.
Görüşdə Azərbaycanın mərkəzi hakimiyyətini Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş millət vəkili Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.
Qeyd edək ki, görüşdə ermənilər tərəfən David Melkumyan və Sergey Martirosyan iştirak edirlər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi də görüşə iştirakçı kimi qatılıb.
Görüş Yevlax rayon İcra Hakimiyyətinin binasında keçirilir.
***
Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.
Onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.
Azərbaycan tərəfi nümayəndələrlə Yevlaxda görüş keçirəcək. Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunacaq.
Danışıqları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs, millət vəkili Ramin Məmmədov aparır.
Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub. Bundan əvvəl o, Xocalıda erməni sakinlərin nümayəndələri ilə bir dəfə görüş keçirib.
Lokal xarakterli antiterror əməliyyatının nəticələri
Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.