BAKI, 21 sentyabr — Sputnik. Bizdə məlumat var ki, bir gün əvvəl Xocalı hava limanına 10 mindən çox insan dəvət olunub. Onlara deyiblər ki, gəlin, çünki siz Ermənistana köçə bilərsiniz, sonra onların şəklini çəkib, lentə alıblar və deyiblər ki, Ermənistan sizə köçməyə icazə vermir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda deyib.
“Bu fotoşəkillər dərc olunub və mənə aydındır ki, bu, Ermənistan Respublikasında daxili siyasi təlatüm və xaos yaratmaq üçün edilir”, - o qeyd edib.
Paşinyan paytaxtdakı son aksiyalara da toxunub. Onun sözlərinə görə, 1997-1998-ci illərdə baş verən eyni hadisələr təkrarlanır.
“Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur”, - Baş nazir əlavə edib.
Paşinyan, İrəvanda davam edən aksiyalarda “bəzilərinin zorakılıq tətbiq etməsinin” məqsədinin “qan tökmək” və təhlükəsizlik qüvvələrini güc tətbiqinə təhrik etmək olduğunu da bəyan edib.
13:33
“Regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir”.
Bunu ölkənin baş naziri Nikol Paşinyan canlı yayımda xalqa müraciətində deyib.
“Bu yol asan deyil, həm xarici, həm də daxili təlatümlərdən keçir. Amma biz müstəqillik, dövlətçilik, gələcək naminə məhz bu yolu keçməliyik”, - o qeyd edib.
Baş nazir regionun dinc inkişafının vacibliyindən danışaraq, 1991-ci ilin dekabrında qəbul edilmiş Almatı Bəyannaməsinə toxunub və bu sənədin əsasında İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
N.Paşinyan əlavə edib ki, Almatı Bəyannaməsindən imtinaya çağırış, əslində, Ermənistanın müstəqilliyi və ərazi bütövlüyündən imtinaya çağırış deməkdir.
10:40
Paşinyan istefa verməyəcəyini bəyan edib
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına istefaya getməyəcəyini bildirib.
Bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşr qeyd edib ki, ötən gecə hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan tərəfdaşları ilə görüşüb onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etirazlar aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.