BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər icra edilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb.
Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.
12:50
Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi xəbəri yalandır
"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.
20.09.23, 10:54
MN: Laçın yolunda mülki kolonun atəşə tutulması barədə məlumat dezinformasiyadır
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bu əsassız iddianı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.
Qeyd edək ki, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.