HƏRBİ

Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri vəzifəsindən uzaqlaşdırılıb

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobili atəşə tutulub.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Rusiya sülhməramlılarının ölümündə təqsirli olan Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri vəzifəsindən uzaqlaşdırılıb, cinayətdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə TASS məlumat yayıb.
Azərbaycanın rəsmi mənbələri isə korpus komandirinin vəzifəsindən uzaqlaşdırılması və cinayətdə şübhəli bilinən şəxslərin saxlanılması barədə Rusiya KİV-lərinin yaydığı məlumatları şərh etməyib.
Musavat.com isə öz mənbələrinə istinadən yazıb ki, vəzifədən uzaqlaşdırılan şəxsin Müdafiə Nazirliyinin 1-ci Korpusunun komandanı Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq, atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Qiyas Abbasov Vətən müharibəsində yaxşı nəticələr göstərən Hikmət Həsənovun yerinə həmin vəzifəyə təyin olunub. 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Polkovnik Abbasov Qiyas Abbas oğlu, 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçılarındandır. Sentyabr ayının 27-dən Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Hadrut uğrunda gedən döyüşlərdə torpaqların azad edilməsində iştirak edən polkovnik Q. Abbasov, Ali Baş Komandanın sərəncamı ilə «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın alınması uğrunda» və «Zəngilanın alınması uğrunda» medalları ilə təltif olunub.
O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandan təyin olunub.
O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.
Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb. Hadisə zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan da həlak olub.
Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı RF Prezidneti Vladimir Putinə üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib.
Əliyevlə Putin arasında bu gün baş tutan telefon danışığı zamanı baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Qeyd olunub ki, bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.
Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.