BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan antiterror əməliyyatlarına başlayanda dövlət qurumlarının internet resurslarına çoxsaylı hücumlar qeydə alınıb.
Bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu hücumların qarşısı uğurla alınır.
"Belə hücumların biri də ölkə Prezidentinin saytına olub. Belə ki, saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb", - deyə Tural Məmmədov əlavə edib.
DDOS hücumları
Müasir internet dünyasında "DDoS" hücumları məqsədyönlüdür və lazımi qaynaqlar təmin edilirsə, qəti və daimi müdafiə üsulu yoxdur.
Protokol zəifliklərindən istifadə edərək "DDoS" hücumları uğurlu olur. Xüsusilə hədəfə yönəlmiş "DDoS" hücumlarında ciddi maliyyə itkilərinin yaşandığını görürük. Uzunmüddətli "DDoS" hücumlarında şirkətlərin böyük maliyyə itkiləri ilə üzləşməsi adi bir vəziyyətə çevrilib.
Texniki baxımdan "DDoS" hücumlarından qorunma üsulları ilə yanaşı, baxış bucağını dəyişdirərək müxtəlif növ və keyfiyyətlərdə ola biləcək bu hücumlardan qorunma üsulları mövcuddur. Təəssüf ki, bütün "DDoS" hücumlarından qorunmaq üçün texniki üsul yoxdur. Bu, təcavüzkarlar üçün güclü bir hücum növüdür və ona qarşı çıxmaq qeyri-mümkün ola bilər.
Digər təhlükəsizlik araşdırmalarında olduğu kimi "DDoS" hücumlarından qorunmağın ən mühüm yolu laylı müdafiə mexanizmi yaratmaqdır.