NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti niyə ucuzlaşıb?

"Azeri Light" markalı Azərbaycan nefti 1,05 dollar azalaraq 101,2 dollar təşkil edib.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb.
ABŞ Mərkəzi Bankının (FED) faizləri qaldıracağı gözləntiləri neftin ucuzlaşmasına səbəb olub.
"Brent" nefti 67 sent ucuzlaşaraq 92,86 dollara, ABŞ-nin Qərbi Texas nefti (WTI) 71 sent ucuzlaşaraq 88,95 dollara düşüb ki, bu da sentyabrın 14-dən bəri ən aşağı göstəricidir.
"Azeri Light" markalı Azərbaycan nefti 1,05 dollar azalaraq 101,2 dollar təşkil edib.
FED-in faizləri artıracağı gözləntiləri ABŞ dollarının martın əvvəlindən bəri ən yüksək həddə qalxmasına səbəb olub və bu da neft qiymətlərinin aşağı düşməsinə göstərib. Güclü dollar adətən neft kimi əmtəələri digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdırır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.