BAKI, 21 sentyabr — Sputnik. Hazırda Aİ-nin Azərbaycana qarşı mümkün sanksiyaları ilə bağlı heç bir qərar yoxdur, vəziyyət qiymətləndirilir. Bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Bundan əvvəl Avropa Parlamentinin üzvləri Aİ-ni Qarabağdakı vəziyyətlə bağlı Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
"İstənilən sanksiyalar üzv dövlətlər tərəfindən həyata keçirilir. İndi Qarabağda baş verənlərə qiymət verilir. Hazırda görülə biləcək tədbirlərlə bağlı heç bir qərar yoxdur", - Stano bildirib.
Qeyd edək ki, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.