Qarabağın dirçəlişi və reinteqrasiyası

Şəhid polis serjantı Xəzər Zamanov dəfn edilib - FOTO

Dəfn mərasimində şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov dəfn olunub.
Mərhum Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Zamanov Xəzər Azər oğlu Nizami rayonu Günəşli qəbiristanlığında dəfn edilib
Ermənistan silahlı qüvvələrinin terroru nəticəsində şəhid olmuş polis əməkdaşı Xəzər Zamanovun yaxınları Sputnik Azərbaycan-a bildiriblər ki, Xəzər təzə ailə qurubmuş. Onun 5 ay əvvəl toyu olub və övlad yolu gözləyirmiş. Şəhid polisimiz övladını qucağına almağı gözləyərkən bağrına Vətən bayrağını basaraq şəhid olub.
Qeyd edək ki, şəhidin çox kədərli həyat hekayəsi var. Belə ki, Xəzər körpə yaşlarında atası Azər Zamanov ilə dənizə gedir. O, dənizdə üzərkən boğulmaq təhlükəsi ilə üzləşir. Bunu görən atası oğlunun köməyinə yetişir. Ata Xəzəri ölümdən xilas etsə də, özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir.
Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir...
Şəhid Xəzər onu vaxtilə ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında dəfn olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu "Kamaz" markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olmuşlar.
Zamanov Xəzər Azər oğlu Nizami rayonu Günəşli qəbiristanlığında dəfn edilib
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Allah rəhmət eləsin!