BAKI, 20 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi inteqrasiya Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edən əlavə amildir.
Bunu Avrasiya İqtisadi Komissiyası (AİK) Şurasının sədri, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk BMT Baş Assambleyasının himayəsi altında Dayanıqlı İnkişaf Məqsədləri üzrə sammitdə Aİİ ölkələrinin birgə bəyanatı zamanı deyib.
"Hər bir üzv dövlət (Aİİ) milli proqram sənədlərinə, strategiyalarına və inkişaf konsepsiyalarına əsaslanaraq Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün konkret addımlar atır. Eyni zamanda, Aİİ çərçivəsində iqtisadi inteqrasiya DİM-lərə nail olmağa töhfə verən əlavə amildir", - deyə Overçuk bildirib.
Onun sözlərinə görə, hazırda Aİİ inkişaf etmiş regional inteqrasiya birliklərindən biridir və onun çərçivəsində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti təmin edilir.
"Aİİ-nin əsas vəzifəsi ona üzv olan dövlətlərin vətəndaşlarının rifahının yaxşılaşdırılmasıdır. Bu məqsədlə müəyyən əməkdaşlıq sahələrində Aİİ-nin ümumi bazarlarının formalaşdırılması istiqamətində fəal iş aparılır. Bu gün Aİİ - 184,3 milyondan çox istehlakçı deməkdir. Üzv dövlətlərin ümumi ÜDM-i 2 trilyon dollardan çoxdur", - deyə Overçuk qeyd edib.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini əlavə edib ki, Avrasiya inteqrasiyasının əsasını bərabərlik, qarşılıqlı hörmət və onun bütün iştirakçılarının maraqlarının nəzərə alınması, habelə gömrük ittifaqının məhdudiyyətlər olmadan fəaliyyət göstərməsi prinsipləri təşkil edir.
"Dövlətlərimizin vətəndaşları Aİİ-də həyata keçirilən işçi qüvvəsinin hərəkəti azadlığının praktiki faydalarını hiss edirlər. Aİİ üzvü olan ölkələrdən olan işçilər üçün Aİİ üzv dövlətlərində iş icazəsi almağa və ya verilən təhsil sənədlərini təsdiq etməyə ehtiyac yoxdur", - deyə Overçuk sözünə davam edib.
O qeyd edib ki, İttifaq ölkələrinin və Aİİ üzv dövlətlərində fəaliyyət göstərən tərəfdaşların biznesi vahid xidmətlər bazarının benefisiarıdır. Bundan əlavə, Aİİ çərçivəsində göstərilən xidmətlərin ümumi həcminin, təxminən 50% -i vahid qaydalara uyğun olaraq həyata keçirilir.
Eyni zamanda, kapitalın hərəkət azadlığını təmin etmək üçün Aİİ üzvləri 2025-ci ilə qədər maliyyə bazarlarının tənzimlənməsi sahəsində milli qanunvericiliyin mərhələli uyğunlaşdırılması barədə razılığa gəliblər. Bu işin nəticəsi Aİİ-nin ümumi maliyyə bazarının və İttifaq daxilində maliyyə bazarlarını tənzimləyən orqanın yaradılması olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.