Qarabağın dirçəlişi və reinteqrasiyası

Mülki şəxslər və obyektlər qətiyyən hədəfə alınmır - Anar Eyvazov

Nazirlik bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağı və onlara dəstək olmamağa çağırır.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib.
O bildirib ki, keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib:

"Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud olan informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı. Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər artıq paylaşılardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycanı ittiham etməsi ehtimalı da istisna edilmir".

Anar Eyvazov deyib ki, Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və obyektlər qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir:
"Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda,Qarabağ iqtisadi rayonunda dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə cəhd göstərirlər. Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq. Bununla bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaqdır.
Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağı və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə mülki əhaliyə və silahlılara çatdırır.
Qeyd etdiyim faktları və məlumat vərəqələrini texniki heyətin dəstəyi ilə sizə təqdim edirəm. Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır".
Anar Eyvazov deyib ki, Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir:
"Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.