BAKI, 20 sentyabr - Sputnik. Kreml hələ ki, Dağlıq Qarabağda “etnik təmizləmə”dən danışmağa əsas görmür. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci Kanal"a açıqlamasında bildirib.
“Hələlik etnik təmizləmədən danışmağa əsas yoxdur. Və bu məqsədlə birbaşa təmaslar var və bu zaman biz mümkün narahatlıqlarımızı çatdırırıq”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya gözləyir ki, Azərbaycan Dağlıq Qarabağdakı mülki hədəfləri vurmayacağına dair verdiyi sözə əməl edəcək.
“Biz Bakıdan yalnız hərbi obyektlərin hədəfə alındığı barədə bəyanatlar eşidirik. Və onlar mülki obyektlərə qarşı işləmirlər. Biz ümid etmək istəyirik ki, bu, həqiqətən də belədir”, - deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, dünəndən etibarən bir gün ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri uğurla həyata keçirilib.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında qeyd edib ki, 2023-cü ilin mayında Brüsseldə Avropa İttifaqının himayəsi altında keçirilən daha bir sammitdə iki ölkənin əraziləri ən yaxın kvadrat kilometrə qədər qeyd edilib:
"Bu qərarlara əsaslanaraq, hüquqi baxımdan bu gün Bakı öz ərazisində fəaliyyət göstərir. Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir. Eyni zamanda, orada yaşayan mülki əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması vacibdir. Ölkəmiz hər zaman istənilən münaqişənin siyasi və diplomatik yolla həllinin tərəfdarıdır. Rusiya sülhməramlıları Qarabağ əhalisinə tibbi və humanitar yardım göstərmək üçün lazım olan hər şeyi edirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.