BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb. Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.
Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.
Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib.
Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Anceles polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.
Qeyd edək ki, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.
Xatırladaq ki, avqustun 31-də Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb.
XİN məlumat yayıb ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Nazirlikdən bildirilib ki, hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar:
"Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.