BAKI, 20 sentyabr - Sputnik. BMT-nin işgəncə və pis rəftar üzrə xüsusi məruzəçisi Elis Cill Edvards ABŞ hakimiyyət orqanlarından Ukraynaya kaset sursatlarının göndərilməsi qərarına yenidən baxılmasını tələb edərək, onların istifadəsindən dəyəcək zərərin heç bir fərq qoymadan olacağını və onilliklərlə davam edəcəyini qeyd edib. Bu barədə TASS BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, iyul ayında o, ABŞ hökumətinə təcili mesaj göndərərək, “Kaset sursatlarının Ukraynaya təhvil verilməsi qərarının [ABŞ-ın] xüsusən işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın mütləq qadağan edilməsi və bütün şəxslərin yaşamaq hüququnun qorunması vəzifəsinə uyğun olub-olmamasını qiymətləndirməyə çağırıb.
BMT bu müraciətə heç vaxt cavab verməyib və indi məktub ictimailəşib.
Ayrıca olaraq, xüsusi məruzəçi Vaşinqtonun yaxın vaxtlarda kasetli döyüş başlığına malik ola biləcək uzaqmənzilli raketləri Kiyevə ötürə biləcəyindən narahatlığını ifadə edir.
O, bu cür silahların mülki şəxslərə "həm istifadə zamanı, həm də münaqişənin sona çatmasından sonra potensial olaraq onilliklər boyu" "ayrı-seçkilik etmədən və ağır" zərər verə biləcəyini vurğulayır.
Bundan əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Ukraynaya kaset başlıqları olan ATACMS və ya GMLRS uzaqmənzilli raketlərin tədarükünü təsdiqləməyə yaxındır. ABC televiziyasının məlumatına görə, ABŞ Kiyevə növbəti hərbi yardım paketinə ATACMS-i də daxil edə bilər.
Lakin Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin jurnalistlər üçün keçirdiyi brifinqdə dediyi kimi, Vaşinqton ATACMS-in Ukraynaya mümkün tədarükü ilə bağlı mövqeyini dəyişməyib və onları Kiyevə ötürmür.
Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib ki, Ukraynaya yeni silahların, o cümlədən kasetli sursatların və tükənmiş uran sursatlarının tədarükü cəbhədəki vəziyyəti dəyişməyəcək və yalnız münaqişənin uzanmasına gətirib çıxaracaq.
O xatırladıb ki, “bu yaxınlarda ABŞ administrasiyası kaset sursatlarından istifadənin müharibə cinayəti olduğuna inanırdı, bunu açıq şəkildə deyirdilər”.
"Hazırda ABŞ-ın özü Ukraynadakı döyüş bölgələrini kasetli sursatlarla təmin edir", - deyə Putin qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.