İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyili davam edib. Ölkədə ardıcıl olaraq dördüncü aydır ki, deflyasiya müşahidə edilir. Avqust ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınıb. İllik inflyasiya avqustda 8% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 7.6 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 7.4%-ə enib.
Ümumilikdə, inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.
Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcək.
Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il noyabr ayının 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.