MƏDƏNİYYƏT

Yusif Eyvazov: Opera və balet teatrını elə təmir etməliyik ki, bundan sonra yüz il yaşasın

Direktorun sözlərinə görə, Teatrın akustika sistemi, orkestrin yerləşdiyi hissə də yenidən təmir olunmalıdır ki, müasir standartlara cavab versin.
Sputnik
BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Dövlət Opera və Balet Teatrında təmir işlədir davam etdirilir.
Bunu jurnalistlərə açıqlamasında teatrın direktoru, Xalq artisti Yusif Eyvazov deyib. O bildirib ki, Opera və Balet Teatrının səhnəsi köhnəlib:
"Bu gün müasir tamaşaları vermək üçün səhnə yenidən təmir olunmalıdır. Hazırda təmir işləri ilə bağlı aktiv işlər görülür, xaricdən mütəxəssislər dəvət olunub. Teatrın akustika sistemi, orkestrin yerləşdiyi hissə də yenidən təmir olunmalıdır ki, müasir standartlara cavab versin. Biz çalışırıq ki, qısa müddətdə təmir işlərini yekunlaşdıraq, amma təmir işləri yəqin ki, bir ildən çox davam edəcək. Biz gərək teatrı elə bərpa edək ki, bundan sonra yüz il də yaşasın".
Direktor təmir işlərinə baxmayaraq, teatrın fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Yusif Eyvazov kimdir
Qeyd edək ki, bu il aprelin 7-də Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub.
Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.