NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Tədarük kəsiri ilə bağlı narahatlıq nefti bahalaşdırır

Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşmaqda davam edir. Qiymətlər üç həftədir ki, ardıcıl olaraq artır və 10 ayın ən yüksək səviyyəsinə çatıb.
ABŞ-də şist hasilatının aşağı düşməsi, tədarük kəsiri ilə bağlı narahatlıqlar neftin qiymətlərini yuxarı qaldırır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
ABŞ-nin Qərbi Texas nefti 99 sent artaraq 92,47 dollara, "Brent" markalı neft 58 sent artaraq 95,01 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 dollar artaraq 101,61 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.