BAKI, 19 sentyabr — Sputnik. Türkiyə Avropa İttifaqı dövlətlərinin etdiklərini etməyə borclu deyil.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ankaranın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
Amerikanın "PBS" telekanalının müxbiri Türkiyə lideri ilə müsahibə zamanı bildirib ki, bəzi amerikalı senatorlar Türkiyənin Ukraynadakı münaqişə kontekstində "Aİ və NATO-nun digər üzvləri kimi" Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarını tənqid ediblər.
"Biz Aİ üzvlərinin etdiklərini etməyə borcluyuq? Türkiyənin dünyadakı mövqeyi fərqlidir, Aİ-yə üzv ölkələrin mövqeyindən fərqlidir. Rusiya bizim ən yaxın qonşularımızdan biridir və bizim ortaq tariximiz var", - deyə Ərdoğan bildirib.
Bundan əvvəl amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında Türkiyənin o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmur, eyni zamanda onlardan yan keçməyə də imkan vermir. Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bəyan edib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etsə, ilk növbədə Ankaranın özünə qarşı oynayacaq.
Moskva isə dəfələrlə bəyan edib ki, Rusiya bir neçə il əvvəl Qərbin ona tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiyaların öhdəsindən gələcək. Rusiya hakimiyyəti qeyd edib ki, Qərbin Moskvaya qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.