BAKI, 19 sentyabr — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş və onun komandasının "taxıl sazişi"nin Rusiya hissəsinin həyata keçirilməsi ilə bağlı sistemli problemləri həll etmək üçün vasitələri yoxdur.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya RİA Novosti-yə müsahibəsində bildirib.
"Təəssüf ki, bunu qeyd etmək məcburiyyətində qalırıq və BMT-çilər bunu dəfələrlə açıq şəkildə etiraf etməli olublar ki, həqiqətən də Baş katibinin və onun komandasının cəhd etmələrinə baxmayaraq, sistemli problemləri həll etmək üçün "vasitələri" yoxdur", - deyə Nebenzya bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi "boş oturmur" və Afrika, Asiya və Yaxın Şərqin ən az inkişaf etmiş ölkələrinə real yardım göstərməkdə davam edir.
"Rusiya prezidenti öz çıxışlarında Rusiyanın "Qara dəniz təşəbbüsü"nə qayıtmasının dəqiq şərtlərini qeyd edərək bu səyləri ətraflı şəkildə işıqlandırır. Biz burada da onları ətraflı şəkildə izah etdik. Bu, Qərbdə təqdim etməyə çalışdıqları kimi şantaj deyil, bir il əvvəl bizə vəd olunanları yerinə yetirmək tələbidir", - deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur. Moskvada dəfələrlə qeyd edildiyi kimi, paket sazişinin bu hissəsi yerinə yetirilməyib.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sazişin əsas məqsədi isə ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.