BAKI, 18 sentyabr — Sputnik. Vladivostok müəssisələrindən birinin iki balıqçılıq və balıq emalı gəmisi Azərbaycana dondurulmuş balıq və xərçəng məhsulları tədarük etmək hüququ əldə edib.
Bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Primorye regionlararası idarəsi yayıb.
Gəmilər, həmçinin Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan və Omana balıq məhsullarının tədarükü üçün sertifikatlaşdırılıblar.
Şöbə müfəttişləri gəmilərə baxış keçirərək onların texnoloji xüsusiyyətlərini, istehsalat və yardımçı otaqların vəziyyətini, laboratoriya sınaq protokollarını öyrəniblər, üstəlik, onların idxalçı ölkələrin baytarlıq-sanitariya tələblərinə uyğunluğunu müəyyən ediblər.
Qeyd edək ki, əvvəllər bu gəmilər artıq Cənubi Koreya, Çin, Yaponiya, Namibiya, Vyetnam, İndoneziya, Türkiyə, Filippin və Sinqapura balıqçılıq məhsulları ixracatçılarının reyestrinə daxil ediliblər.