DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan ABŞ-ın beyin mərkəzləri ilə Rusiya-Ukrayna münaqişəsini müzakirə edib

Görüş zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini sülhlə bitirmək üçün səy göstərdiyini bildirib.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini sülhlə bitirmək üçün səy göstərdiyini bildirib.
Ərdoğan bütün münaqişə bölgələrində daimi sülhün bərqərar olması məqsədi ilə Türkiyənin diplomatiyaya üstünlük verdiyini bildirib.
Görüşdə həmçinin Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.
Türkiyə əmindir ki, Ukraynada sülh prosesində uduzan olmayacaq
Türkiyə Ukraynadakı vəziyyətin nizamlanması üçün səylərini davam etdirir və əmindir ki, sülh prosesində heç bir uduzan olmayacaq.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan BMT Baş Assambleyasında iştirakı çərçivəsində Nyu-Yorkda Türk-Amerika Milli Rəhbər Komitəsinin (TASC) ev sahibliyi etdiyi şam yeməyində çıxış edib.
"Mövqeyimiz bəllidir, diplomatik uğurlar əldə etmişik. Müharibədə qalib, sülhdə isə uduzan olmadığı inancı ilə səylərimizi davam etdiririk", - deyə Türkiyə lideri bildirib.
Qeyd edək ki, Moskva dəfələrlə danışıqlara hazır olduğunu qeyd edib, lakin Kiyev hakimiyyəti onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Kreml, həmçinin qeyd edib ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur və xüsusi əməliyyatın məqsədlərinə nail olmaq Rusiya üçün mütləq prioritetdir.
İyunun ortalarında Rusiya Prezidenti Vladimir Putin bir daha vurğulayıb ki, Moskva heç vaxt Ukrayna böhranının həlli üzrə müzakirələrdə iştirakdan imtina etməyib.