RUSİYA

Lavrov Moskvada Çinin xarici işlər naziri ilə danışıqlar aparacaq

Rusiya XİN Moskvada keçiriləcək danışıqlarda hansı məsələlərin müzakirə ediləcəyinə aydınlıq gətirib.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Rusiya Federasiyası və Çinin xarici işlər nazirləri Sergey Lavrovla Vanq İ Moskvada danışıqlar aparacaqlar. Görüş zamanı yüksək səviyyəli təmaslar və Ukrayna böhranı müzakirə ediləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verib.
Qeyd edək ki, Van İ sentyabrın 16-17-də Maltada ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla ilə görüşüb. Ağ Ev görüşdə Ukraynadakı münaqişə, Tayvan boğazındakı vəziyyət, regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirib. "Bloomberg" agentliyinin məlumatına görə, görüşdə Amerika Prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında görüş məsələsi də müzakirə edilib.
Rusiya Xarici İşlər Nazirliyi Van İnin səfəri ərəfəsində bildirib ki, Moskvada keçiriləcək danışıqlarda nazirlər "ikitərəfli əməkdaşlığın geniş spektrini, o cümlədən ən yüksək səviyyələrdə əlaqələri", beynəlxalq təşkilatlarda və forumlarda birgə işi, eləcə də Ukrayna böhranını müzakirə edəcəklər.
Xatırladaq ki, oktyabr ayında Pekində üçüncü beynəlxalq "Bir kəmər, bir yol" forumu keçiriləcək. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bir müddət əvvəl bildirib ki, Prezident Vladimir Putin Çinə səfər etmək üçün dəvət alıb və bunu forumun keçiriləcəyi oktyabrda etmək niyyətindədir. Daha sonra Uşakov Putinin Çinə mümkün səfəri ilə bağlı sualı cavablandırarkən, bu səfərin bir çox hallardan asılı olacağını bildirib.
Çin hakimiyyəti fevral ayında Moskva ilə Kiyev arasında münaqişənin həlli ilə bağlı mövqe sənədi dərc edib, bu sənədə atəşkəs çağırışları, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət və Ukraynadakı humanitar böhranın həlli daxil olmaqla 12 bənd daxildir. Bu il mayın sonunda ÇXR-in Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Avropa turuna çıxıb. O, Ukrayna, Polşa, Fransa, Almaniya, Belçika və Rusiyaya səfər edib və burada Ukrayna böhranının siyasi həlli üçün Çinin sülh təşəbbüsünü müzakirə edib.