BAKI, 18 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşmaqda davam edir.
Hasilatın azalacağı narahatlığı və dünyanın ən böyük neft idxalçısı olan Çində tələbin artacağı gözləntiləri neft qiymətlərini dəstəkləyir və qiymətlər qalxır.
"Brent" markalı neft 39 sent artaraq 94,32 dollar, ABŞ-nin Qərbi Texas nefti 53 sent artaraq 91,30 dollar olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan nefti 0,03 dollar artaraq 100,56 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.