BAKI, 18 sentyabr - Sputnik. Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur.
Bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.
Diqqətə çatdırılıb ki, iyulun 13-ü, 24-ü, 27-si, avqustun 21-i, sentyabrın 1-i tarixləri də daxil olmaqla son bir neçə ay ərzində Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb.
15.07.23, 10:05
Ermənilər Azərbaycanın hava məkanından uçan təyyarələrə radiomaneə yaratmağa başlayıblar
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.
"Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib", - MN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.