BAKI, 18 sentyabr — Sputnik. "İstifadəyə yararsız pestisidlərlə bağlı ölkədə mövcud olan problemlərin həlli istiqamətində ilkin təkliflər hazırlanaraq hökumətə təqdim edilib".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli pestisidlərin həyat dövriyyəsinin idarə edilməsinə həsr olunan regional seminarda çıxışı zamanı deyib.
AQTA sədrinin sözlərinə görə, pestisidlərlə çirklənmiş ərazilərdə və onların saxlanıldığı anbarlarda aparılan monitorinqlərin nəticələrinin təhlili ümumiləşdirilərək problemlərin aradan qaldırılması, habelə pestisidlərin dövriyyəsi sahəsində monitorinqlərin aparılması, mövcud vəziyyətin təhlil edilməsi və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı zəruri tədbirlərə dair təkliflərin hazırlanması məqsədilə İşçi qruplar yaradılıb.
"Yoxlama-nəzarət tədbirləri çərçivəsində pestisidlərin saxlanıldığı anbarlarda, satış obyektlərində, o cümlədən onların tətbiq olunduğu bitkiçilik təsərrüfatlarında kifayət qədər dövlət qeydiyyatına alınmamış, yararlılıq müddəti bitmiş, həmçinin aparılmış laborator sınaqlar nəticəsində keyfiyyət parametrləri normativ göstəricilərinə uyğun gəlməyən saxta preparatlar aşkarlanıb".
Sədr bildirib ki, il ərzində tonlarla yararlılıq müddəti bitmiş və istifadəyə yararsız hesab olunan pestisidlər Agentliyin İnventarlaşdırma komissiyasının müvafiq rəyi ilə dövriyyədən çıxarılıb və təhlükəsizliyinin təmin olunması məqsədilə Cəngi pestisid poliqonuna daşınıb.
Onun sözlərinə görə, sahibkarlıq subyektləri müvafiq qanunvericiliyə əsasən, istehsal və idxal etdikləri pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə zəmanət verməli və məsuliyyət daşımalıdırlar.
Q.Təhməzli əlavə edib ki, hazırda ölkədə inteqrir bitki mübarizə üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi prioritet istiqamətlərdəndir: "Əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, 238 adda yüksək toksikliyə malik təsiredici maddələrin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib".
Onun sözlərinə görə, ekoloji cəhətdən təhlükəsiz bioloji və biotexniki mübarizə üsullarının tətbiqinin təkmilləşdirilməsinin təşviq edilməsi üçün Azərbaycanda bioloji mübarizə metodlarının işlənib hazırlanması istiqamətində elmi tədqiqatların və bioagentlərin yetişdirilməsi üçün zəruri biolaboratoriya şəbəkəsinin genişləndirilməsini məqsədəuyğun hesab edilir.