MƏDƏNİYYƏT

Azərbaycanda klassik musiqi niyə yaranmır? Bəstəkarlar acı reallıqları dilə gətirdilər

Cavanşir Quliyev deyib ki, bu gün bəstəkarlar yazdıqları əsəri harada səsləndirəcəklərini bilmirlər.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
Üzeyir bəyin təməlini qoyduğu klassik musiqimiz bu gün yiyəsiz qalıb. Klassik musiqi janrlarına müraciət edən bəstəkarların sırası getdikcə azalır. Bunun səbəbi nədir?
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə təəssüf hissi ilə qeyd edir ki, bütün dünyada bu proseslər gedir, hətta klassik musiqinin beşiyi sayılan Almaniya və Fransada da:
"Çox maraqlıdır ki, dediyiniz problem haqda bir-birindən xəbərsiz üç böyük kitab çıxıb. Bunlardan biri Aleks Rossun Amerikada çap olunmuş "Daha sonra sükut..." kitabıdır. Kitabın adı "Hamlet"in son sözlərini iqtibas edir. Müəllif demək istəyir ki, artıq musiqi susur. İkinci kitab Martınovun Rusiyada çap olunan "Bəstəkarlar dövrünün sonu" kitabı idi. Üçüncüsü də Fukuyamanın bu problemə həsr olunmuş kitabıdır: "Zamanla bu problemlər böyüyür".
Bəstəkarların keçdiyi yolu dinləyicilər keçə bilmədi
Bəstəkar bütün bunların səbəbini zamanla əlaqələndirir. Onun sözlərinə görə, artıq insanların uzun yol gedib nəyisə dinləmək və ya baxmaq üçün vaxt xərcləməsi mümkünsüzdür:
"Herman Hessenin "Muncuq oyunu" əsərində intellektualların yığıncaqları təsvir olunur, onların həyatının necə məişətləşdiyini görürük. O, bu prosesləri görürdü - fəlsəfə jurnalistlərin predmetinə çevrilib, iqtisadiyyat haqda artistlər danışır, elm kiməsə lazım deyil, klassik incəsənət öz yerini kütləvi mədəniyyətə verib. O, gələcəyi belə təsvir edirdi. Bu gün biz görürük ki, "Anna Karenina" dörd səhifəlik komiks şəklində çap olunur, çünki insanların o romanı oxumağa vaxtları yoxdur. Filmlər bəsitləşir... Elə proseslər var ki, onları dayandıra bilmərik. Ona görə də Amerikada da, Almaniya da, Rusiyada da bu haqda yazırlar. Zamanın məhdudlaşması problemdir. Qara Qarayev deyirdi ki, "Avropa musiqisinin yüzilliklərlə keçdiyi yolu biz onilliklərlə keçmişik". O haqlı idi, bəstəkarlar keçə bildi, amma insanlar, dinləyicilər keçə bilmədi. İfaçılarımız o bəstəkarlarla ayaqlaşa bilmədi. Bax, problem budur!"
Bəstəkar bəstəkarlıqla, şair də şairliklə məşğul olmur
Xalq artisti, bəstəkar Faiq Sücəddinov vurğulayır ki, təkcə televiziyadan Azərbaycan mədəniyyətini seyr etmək və onunla bağlı fikir yürütmək doğru deyil:
"Bizim konsert zallarımız var. Hər konsert zalında da ona uyğun musiqilər səslənir. Keyfiyyətli musiqi dinləmək istəyənlər həmin salonlara təşrif buyurur. Konsertə gələ bilməyənlər də portallardan istədikləri musiqini dinləyə bilərlər. Orada da keyfiyyətli musiqi səslənir. Amma o da doğrudur ki, bu gün telekanallarımızda bayağı musiqilər daha çox səslənilir. Bunun qarşısını almaq lazımdır. O ki qaldı klassik əsərlərin yazılmamasına, bunun başlıca problemi odur ki, bəstəkar bəstəkarlığı, şair də şairliyi ilə məşğul olmur. Birdən-birə azadlıq verildi və musiqiyə böyük bir axın oldu. Ona görə də musiqimizdə də, sözlərində də böyük dəyişikliklər olub. Təbii ki, mənə xoş deyil. Ümid edirəm ki, bir gün bu "xəstəlik" bitəcək. Öz musiqimizə, öz mədəniyyətimizə geri qayıdacağıq".
Simfonik əsər kartof deyil, soğal deyil, bəstəkar onu harada satsın?
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev klassik musiqinin yox olma səbəblərindən danışarkən bildirdi ki, bu gün bəstəkarlar yazdıqları əsəri harada səsləndircəklərini bilmirlər. Maddi problemlərə görə, bu janrın nüfuzu getdikcə düşür:
"Bunun səbəbi odur ki, gənclər bugünkü bəstəkarların həyatını, yaşayış durumunu, iqtisadi vəziyyətini görür. Ona görə də bu sənətdən uzaqlaşırlar. Təhsil aldıqdan sonra bəstəkarları çox çətin günlər gözləyir. Bazar iqtisadiyyatıdır, bəstəkar simfonik əsəri harada satsın? Bu, kartof deyil, soğan deyil, aparıb bazarda satsınlar. Mahnının bazarı var, həmişə satılacaq. Amma ciddi musiqi əsəri satılmayacaq".
Bəstəkar, bu janrın unudulmasına görə KİV-i də qınayıb. Deyib ki, KİV-lər ciddi bəstəkarları, bəstəkarlıq nümunələrini arxaya itələyiblər. Arqument gətirirlər ki, "insanlara maraqsızdır". Ciddi musiqini maraqsız edən isə təbliğatdır: "Təbliğatdan çox şey asılıdır. Avropada "Mezzo" kanalı var, həmişə ciddi musiqi yayımlayır. O qədər populyardır ki, indi o kanala şifrə ilə baxa bilirik. Azərbaycanda isə yerli kanallar ancaq əyləncə ilə məşğuldurlar. Nadir hallarda, kiminsə yubleyi olanda, "xala xətrin qalmasın" deyib bir-iki ciddi musiqi səsləndirirlər. Bir həftə radio və televiziya kanallarına baxın, görəcəksiniz ki, cəmi 5 faiz ciddi musiqi səsləndirirlər. Onu da "Mədəniyyət kanalı" edir"".
Xatırladaq ki, klassik musiqinin bugünkü vəziyyəti barədə jurnalistlərə açıqlama verən sabiq Mədəniyyət naziri Anar Kərimov bildirmişdi ki, son illər klassik əsərlər yazan bəstəkarların sayı demək olar ki, yoxdur. Bu fikrə münasibət bildirən Cavanşir Quliyev qeyd edib ki, bəstəkarların yetişməsi üçün mühit lazımdır:
"Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov hər gün yaranmır. Hər bəstəkarlığı bitirəndən dahi bir əsər gözləmək ağılsızlıq olar. Bu o demək deyil ki, dahi bəsətkarlar, klassik əsərlər yaranmırsa, qapıları bağlayaq. Nə zamansa gələcəklər də... Bunu nə mən bilə bilərəm, nə sən, nə də nazir. Bunun üçün qaynar, yaradıcı mühit olmaldır ki, bir gün o mühitdə yeni bəstəkarlar yetişsin. Bu, hər yerdə belədir. Sabiq nazirin fikri ilə qəti razı deyiləm. Bəs, bu qədər bəstəkarlarımız var, onları niyə "öldürürsünüz"? Axı belə deməklə yaşayan bəstəkarlarımızı məhv etmiş oluruq!?"
Məlumat üçün bildirək ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 1995-ci ildə isə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.