SƏHİYYƏ

Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günüdür

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanların tibbi yardım göstərilməsi zamanı baş verən qəzalardan ölmə riski təyyarə qəzası nəticəsində ölüm riskindən dəfələrlə çoxdur.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. Sentyabrın 17-si Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günüdür. Azərtac xəbər verir ki, 2019-cu ilin mayında Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında sentyabrın 17-si Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günü kimi təsis olunub.
Bildirilir ki, hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, dünyada milyonlarla pasiyent zərər görür.
Aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə isə həmin qaydalara əməl olunmdığına görə 2,6 milyon nəfər həlak olur. Dünya miqyasında pasiyentlərə vurulan zərərin sosial və iqtisadi fəsadları bir neçə trilyon dollarla ölçülür.
Heç kəsə sirr deyil ki, insanlara tibbi yardım göstərmək çox vaxt seçilmiş müalicə metodundan asılı olmayaraq xəstənin müalicəsinin uğur dərəcəsi ilə xarakterizə olunan müəyyən risklərlə - cərrahi müdaxilə, dərman və s. ilə əlaqələndirilir. Müalicənin uğursuz olması xəstənin sağlamlığına mənfi təsir göstərə bilər. Həkimlərin diqqətini çəkən əsas məsələlərdən biri bu cür risklərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasıdır.
Statistik hesablamalar göstərir ki, xəstəxanalarda hər onuncu xəstə üçün tibbi yardım göstərilməsi zamanı sağlamlığa zərər vurma riski mümkündür. Lakin xəstəxanalarda xəstənin sağlamlığı üçün riskə səbəb olan amillərin təxminən yarısının qarşısını almaq və ya aradan qaldırmaq olar.
Ümumdünya Səhiyyə Təşkilatı insan ölümünə səbəb olan riskləri müqayisə edərkən onu da vurğulayır ki, təyyarə qəzası nəticəsində ölüm riski tibbi yardım göstərilməsi zamanı qarşısı alına bilən qəza nəticəsində ölüm riskindən təxminən 10 min dəfə azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.