BAKI, 17 sentyabr - Sputnik. Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində sülh müqaviləsi imzalamağı planlaşdırmır. Sputnik Ermənistan-ın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səs verdikdən sonra jurnalistlərə deyib.
"Təəssüf ki, xeyr. Çünki sənədin imzalanması nəzərdə tutulurdusa, bu o demək olardı ki, o, maraqlar balansını qoruyub saxlayıb və biz onu imzalamağa hazırıq. Biz dedik ki, sülh gündəliyi bizim prioritetimizdir və biz Azərbaycanla mümkün qədər tez – ilin sonuna qədər, gələn ilin əvvəlində sülh müqaviləsi imzalamaq istəyirik”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.
Eyni zamanda, baş nazir intensiv danışıqların davam etdiriləcəyinə və tərəflərin məsələnin həllinə gələcəklərinə ümid etdiyini bildirib.
Sazişin ilin sonuna qədər imzalanacağını ehtimal edib-etməməsi ilə bağlı suala Paşinyan deyib ki, o, “bunu həmişə mümkün hesab etməlidir”.
"Mən belə bir müqavilə imzalamaq üçün siyasi öhdəlik götürmüşəm.Və bu, nə qədər geciksə, öhdəlik baxımından bir o qədər pisdir. Bu vəziyyətin dəyişəcəyinə ümid etdiyimiz üçün bunu mümkün hesab edirik", - deyə Ermənistan lideri bildirib.
Bir müddət əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel bildirmişdi ki, Ermənistan və Azərbaycan liderlərinin oktyabrda Qranadada Mişelin özünün, eləcə də Fransa və Almaniya liderləri – Emmanuel Makron və Olaf Şoltsun iştirakı ilə görüşü planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.