BAKI, 17 sentyabr - Sputnik. Liviyanın şərqini vuran "Daniel" qasırğası və ardınca baş verən sel fəlakətindən sonra həmin bölgədə 1 illik fövqəladə vəziyyət elan edilib.
Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, digər tərəfdən daşqınlar nəticəsində böyük itkilər verən Dərnə şəhərində kanalizasiya sularının içməli suya qarışması nəticəsində 150 nəfər zəhərlənib.
İndiyə qədər təbii fəlakətdən 11 mindən çox insan həyatını itirərkən, 20 min nəfər itkin düşüb.
Axtarış-xilasetmə qrupları tərəfindən sudan və ya dağıntılar altından çıxarılan cəsədlər kütləvi məzarlıqlarda basdırılır.
Xatırladaq ki, sentyabrın 10-da mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub. Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe sel üzündən 11 sentyabrda ölkə daxilində 3 günlük matəm elan etdi və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələrə və beynəlxalq qurumlara yardım çağırışı etdi.
Liviyanın şərq bölgələrində yağıntının miqdarının son 40 ilin ən yüksək səviyyəsində olduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.