BAKI, 15 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmazda uçmuş körpü ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı “VAZ 2106” markalı minik avtomobili çay yatağına düşüb.
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.
Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.
21:17
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin mərkəzindən keçən Qudyalçay körpüsünun aşdığı ərazidə qərargah yaradılıb.
"Report"un məlumatına görə, qərargahda Xaçmaz Rayon İcra Hakimiyyəti, FHN və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları növbəli şəkildə xidmət aparırlar.
Hadisə nəticəsində çaya düşərək sel suları içərisində qalan "VAZ-2106" markalı avtomobil xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə üç avtomobilə zərər dəyib.
Sözügedən körpünün aşması nəticəsində 98 yaşayış məntəqəsində 97 min əhalinin Xaçmaz-Xudat və digər ərazilərlə əlaqəsi kəsilib.
Eyni zamanda hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Bu səbəbdən hminik avtomobilləri və marşrut avtobusları alternativ olaraq Quba-Xaçmaz, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu və ya Xaçmaz rayonunun Kohnə-Xaçmaz kəndi daxilindən keçməklə hərəkətlərini davam etdirir.
Faktla bağlı araşdirma aparılır.
16:22
Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması ilə əlaqədar avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır.
Bu barədə FHN məlumat yayıb.
15.09.23, 11:00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Əlavə məlumat veriləcək.
***
Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.
Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların Heybetov Elisafa Abas oğlu (1966-cı il), Qarayev Efsun Esger oğlu (1984-cü il) və Səfərəliyev Elvin Tofiq oğlu (1999-cu il) olduğu bildirilir.
Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsü
© Photo : AAYDA
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu APA-ya bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.
Komissiya sədrinin sözlərinə görə, körpünün uçmasına səbəb kimi aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğunu bildirib.
Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsü
© Photo : AAYDA
Qeyd edək ki, Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var. Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.