BAKI, 14 sentyabr — Sputnik. Bərdə rayonu Cəyirli kənd sakini, 17 uşaq anası Tünzalə İsgəndərovanı orta məktəblərdə dərslərin başlaması ərəfəsində məktəbli forması və dərs ləvazımatları qayğısı bürüyüb.
"Yeni tədris mövsümü başlayır, yeddi məktəbli övladım var. Təkcə bir uşağın məktəbli formasının qiyməti 80 manatdır ki, bu da təxminən 560 manat deməkdir. 17 övladım var, çoxuşaqlı ailə kimi bizi arayıb-axtaran yoxdur. Kömək üçün rayon icra nümayəndəliyinə də müraciət etmişəm, amma ortada heç nə yoxdur. Artıq məktəb ləvazimatı almağa da pulumuz çatmır. Evimizi kif basıb, şəraitsizik. Ona görə də müvəqqəti olaraq böyük oğlumun öz gücü ilə tikdiyi evə köçmüşük" - Tünzalə İsgəndərova Sputnik Azərbaycan-a deyib.
Bərdə rayonu Cəyirli kənd icra nümayəndəsi Səbuhi Həsənov isə bildirib ki, bu ailəyə köməklik etmək üçün büdcələri yoxdur: "İcra hakimiyyətindən də bizə bununla bağlı bir tapşırıq gəlməyib. Tapşırıq gələrsə, göstəriş olarsa, ona uyğun hərəkət edərik. Amma ailəni tanıyırıq, mütəmadi olaraq onlarla əlaqə saxlayırıq".
Ailə çoxuşaqlılığa görə ayda 1780 manat sosial yardım, 1155 manat uşaqpulu, 80 manat veteran pulu alır. Lakin bu vəsait ailənin gündəlik qayğılarını, eləcə də uşaqların məktəb ehtiyaclarını qarşılamaq üçün yetərli deyil.
Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon Təhsil Sektorunun müdiri Qurban Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, həmin ailəyə yardım ediləcək:
"Taleh və Tünzalə İsgəndərovaların 17 övladı var. Ailənin övladları Bərdə rayonu Şorəli kənd tam orta məktəbində 2, 3, 5, 8, və 10-cu siniflərində təhsil alırlar. Ailənin bir övladı yeni tədris mövsümündə məktəbəqədər təhsilə cəlb olunacaq. Çoxuşaqlı ailə kimi onlar bizim diqqətimizdədir. Qarabağ rayon təhsil idarəsinin Bərdə rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının büdcəsi hesabına həmin şagirdlərin məktəbli formaları ilə təminatı nəzərdə tutulub. Yaxın günlərdə şagirdlərə həmin formalar təhvil veriləcək".
"Çoxuşaqlı ailələr, şəhid ailələrinin övladları, valideyn himayəsindən məhrum olanlar bizim diqqətimizdədir. Onları nəniki məktəbli formaları, eyni zamanda da məktəbli ləvazimatları ilə təmin edirik", - deyə o, əlavə edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi çoxuşaqlı ailələrin məktəb forması və məktəbli ləvazımatları ilə təminatına dair sorğumuza cavab verməyib.
Xatırladaq ki, bir neçə gün öncə Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib ki, ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət etsinlər. Direktorların vasitəçiliyi ilə Nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə yardım edəcəklər.