BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
Dövlətimizin başçısı İlham Əliyevi salamlayan Prezident Emoməli Rəhmon deyib:
- Hörmətli İlham Heydər oğlu, Sizi Tacikistanda salamlayıram. Elə bu yaxınlarda biz birlikdə Sizin Tacikistana dövlət səfərinizi həyata keçirdik. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Sammitdə - Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə sağ olun.
Prezident İlham Əliyev: Emoməli Şaripoviç, sağ olun. İlk növbədə, bu mühüm tədbirdə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bunu çox yüksək qiymətləndirirəm. Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir və xüsusilə yenidən gözəl Düşənbə şəhərində olmaq xoşdur.
Prezident Emoməli Rəhmon: Sağ olun.
Prezident İlham Əliyev: Siz mənim çox uğurla və yaxşı nəticələrlə keçən dövlət səfərimi qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün əlverişli vaxtda Azərbaycana dövlət səfəri etməyinizlə bağlı artıq Sizə rəsmi məktub göndərmişəm.
Prezident Emoməli Rəhmon: Çox Sağ olun.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gəlib.
Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, Mərkəzi Asiyanın beş ölkə başçısının ötən görüşü 21 iyul 2022-ci ildə Qırğızıstanda keçirilib. Belə görüşlərin keçirilməsi ideyasını 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.