AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Azərbaycan və Mərkəzi Asiya ölkələrininin çoxəsrlik münasibətləri barədə

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib:

"Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk".

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gəlib.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.