İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit ölkəsidir - Prezident

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin olduğunu söyləyib.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə çıxışı zamanı bildirib.
Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib:

"Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır".

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə də danışıb.
Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gəlib.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.