HADİSƏ

Sel ölkənin iki əsas magistralını keçilməz edir

Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistrallarındakı çaylara sel gəlib.
Sputnik
BAKI, 13 sentyabr - Sputnik. Leysan nəticəsində sel sularının artması Bakı-Qazax yolunun üzərindən keçən körpü üçün təhlükəli vəziyyət yaradıb.
"Report" xəbər verir ki, artıq bir neçə gündür ki, yağan aramsız yağışlar nəticəsində Türyançayın Ağdaşın Ləki kəndindən keçən hissəsində suyun səviyyəsi normadan artıq qalxıb.
Hazırda çayda suyun səviyyəsi artmaqda davam edir və suyun ərazisi çay boyu ərazilərdə durmadan genişlənir.
Göyçay çayına da güclü sel gəlib, magistral yoldakı körpüdə təhlükə var.
"Report" xəbər verir ki, İsmayıllı rayonuna yağan güclü leysandan sonra Göyçay çayına güclü sel gəlib.
Bu gün saat 12:30 radələrindən başlayaraq çaydan keçən suyun səviyyəsi xeyli artıb.
Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb. Hazırda körpü üzərində avtomobillərin və piyadaların hərəkəti davam edir. İnsanların təhlükəsizliyinin təmin olunması üçün hazırda Göyçay Rayon Polis Şöbəsinin yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır, ağırtonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub.
Ucarda da aramsız yağan yağışlar körpüyə təhlükə yaradıb.
“Report” xəbər verir ki, Göyçay çayının Ucarın Qazyan kəndindən keçən hissəsində suyun həcmi artaraq körpüyə çatıb, nəticədə gediş-gəlişə maneələr yaranıb.
Qazyan, Bərgüşad, Bağman, Şilyan kəndlərini birləşdirən və Göyçay çayı üzərində yerləşən körpü sel təhlükəsi ilə üzləşib. Çayda suyun səviyyəsi durmadan artdığından, körpüdə və bəndlərdə qabaqlayıcı bərkitmə işləri həyata keçirilib.
Görülən işlər nəticəsində bir neçə saatlıq körpü üzərində gediş-gəliş dayanıb.