BAKI, 12 sentyabr — Sputnik. Naxçıvanın Mahmudkənd kəndi ərazisində ehsanla bağlı qadağanın qoyulması gözəl ənənədir və cəsur addımdır. Bu addımı dəstəkləmək lazımdır. Bu ənənənin bütün Azərbaycanda yayılması vacibdir. Təəssüf ki, mədəni səviyyə lazımi həddə çatmayanda insana xeyrini izah eləmək belə olmur. İnsan deyir ki, mən öz nadanlığım, cahilliyimlə yaşamışam, babalarım da belə yaşayıb, mən də belə yaşayacağam.
Bu fikirləri Sputnik Azərbaycan-a Naxçıvanın Mahmudkənd kəndində ehsan mərasimlərinin ləğvindən və bunun bütün ölkəyə şamil olunmasının vacibliyindən bəhs edən millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, cəmiyyətin bu məsələdə rolu mühümdür: "Sual yaranır ki, doğurdanmı bu xalq 200-300 ildə zərrə qədər də olsa savadlanmadı, müasir dünyanın nə istədiyini anlamadı?! Necə ki, biz indi Əfqanıstan və İranda baş verənlərə vəhşilik kimi baxırıq, bizim cəhalətimizi də görənlər bizdən iyrənirlər, qaçırlar, uzaqlaşırlar, bizə vəhşi kimi baxırlar. Bu səbəbdən də yas, toy məsələlərində qayda-qanunların olması, cəmiyyətin özünün bunun üçün addım atması vacibdir".
Deputatın fikrincə, adamın savadı, dünyagörüşü yerində olmayanda, başlayır təmtərağını başqasına göstərməyə. Kasıb özünü varlıdan da yekəxana aparır, onunla müqayisə etməyə çalışır. Yoxsa hansı kasıbdan yasda sadəcə çay verdiyi üçün küsəcəklər?!.
Fazil Mustafanın sözlərinə görə, ehsan mərasimlərinin ləğvinə maneə yaradan qruplar var: "Gördüyünüz kimi adını çəkdiyimiz kənddə ağsaqqallar qərar qəbul edib. Amma qadınlar daha çox israr edir ki, bu məclislər təmtəraqlı keçirilsin. Ağbirçəklər buna icazə verəcəklərmi?! Bizdə bir qrup ağbirçək var ki, onlar kiçik məsələni faciəyə çevirməyi sevirlər. Toy və yas onlar üçün nəyisə nümayiş etdirmə məkanı sayılır".
O qeyd edir ki, bu məsələdə kasıb da, varlı da eyni cür hərəkət edir: "Mahiyyət etibarı ilə kasıbla varlının şüuru eynidir. Sadəcə olaraq pulun çəkisi eyni deyil. Kasıb borca pul alıb ehsan verir".
Ehsan vermək istəyən, imkansızlara, kimsəsizlərə əl tutsun
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvi Ceyhun Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, vətəndaşlar özləri də bu işdə maraqlı olmalıdırlar. Bu gün yas mərasimlərini təşkil etmək bəzən on minlərlə vəsait tələb edir. Təəssüf ki, insanlar bir-birlərinin bəhsinə girərək israfa yol verirlər. Mərhələli şəkildə yas mərasimlərindəki israfçılıqdan imtina edilməlidir:
"Kimsə ehsan vermək istəyirsə, bunun ən yaxşı yollarından biri imkansız insanlara, kimsəsiz uşaqlara, yaşlılara əl tutmaqdır. İnsanlar könüllü şəkildə bununla razılaşmırsa, israfçılıq edirsə, düşünürəm ki, bu istiqamətdə hüquqi çərçivədə addım atılmalıdır. Düzdür, insanlar düşünür ki, bu, ictimai münasibətdir, qanun və aktlarla tənzimlənə bilməz. Lakin bəzi Orta Asiya ölkələri bu məsələni qanunvericilik çərçivəsində həll ediblər. Düşünürəm ki, hansısa formada bizdə də bu qaydalar tənzimlənməlidir. Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən çox şey asılıdır. Bu qurumlar maarifləndirməni həyata keçirməli, bunun dinlə əlaqəsinin olmadığını cəmiyyətə çatdırmalıdır".
O qeyd edir ki, aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə hansısa ciddi iş görülmür.
Qarınqulu din xadimlərinə bu cür israfçılıq sərf edir ki, gedib orada yesinlər
Dini məsələlər üzrə ekspert Tural İrfan Sputnik Azərbaycan-a bildirib ki, dini məclislər islam qaydalarına uyğun təşkil edilməlidir: "Ehsan süfrələri israfsız, təntənəsiz açılmalıdır. Təəssüf ki, əksər yerlərdə bu israfçılıq, təntənəli yas mərasimləri qalmaqdadır. Bütün bunlar islam dininə, milli adət-ənənələrimizə ziddir".
O qeyd edir ki, bu "ənənə" əsasən sovet dövründə yaranıb: "O vaxtdan dəftər tutub pul yazılırdı ki, bunun da qarşılığında insanlar məcbur olub gələnlərə ət xörəklərindən ibarət təntənəli süfrə açırdılar. Lakin dini tərəfdən baxsaq, bu, ehsan hesab olunmur. Çünki ehsan təmənnasız olmalıdır, borcla, kreditlə alınmamalıdır".
Ekspertin sözlərinə görə, Həzrət Peyğəmbərin dövründə yas sahibinə ərzaq və s. alınıb aparılması tövsiyə olunurdu: "O vaxtı insanlar oturub yas yerində yemək gözləmirdi. Yas sahibi onsuz da çətinliyə düşən birisidir. Belə vəziyyətdə ondan nəsə ummaq düzgün deyil. Əksinə onun özünə kömək etmək lazımdır. Bizim bəzi "din xadim"lərimiz də belə təmtəraqlı yas süfrələrinin tərəfdarıdır. Çünki özləri də gedib həmin məclislərdə yeyirlər".
İrfanın fikrincə, ilk olaraq din xadimlərinə tapşırılmalıdır ki, idarə etdikləri yas mərasimlərində bunun qarşısını alsınlar: "Molla başda oturub tövsiyə verə bilər ki, bunlar israfçılıqdır. Lakin qarınqulu din xadimlərinə bu cür israfçılıq sərf edir ki, gedib orada yesinlər. Bu həm ölüyə, həm də diriyə hörmətsizlikdir".
İrfan onu da əlavə edib ki, dövlət qurumları, icra hakimiyyətləri də təbliğat aparmalıdırlar, ağsaqqalarımız da bu işdə aktiv olmalıdır".