BAKI, 13 sentyabr — Sputnik. Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il avqust ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10157406 nəfər təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.
Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Doğulan körpələrdən 1972-si əkiz, 93-ü üçəm, 4-ü isə dördəm olub.
2023-cü ilin yanvar-iyul ayları ərzində ölkədə 35142 ölüm halı qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,3-dən 6,0-a düşüb.
Nikahların sayı azalıb, boşanmaların sayı artıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.