BAKI, 13 sentyabr — Sputnik. ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
EIA-nın aylıq hesabatına görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 640 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricidən 10 min barel azdır.
Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 630 min barel təşkil edəcək (əvvəlki proqnoz - 640 min barel).
Hesabata əsasən, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.
Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub.
2023-cü ilin yanvar-avqust ayları üzrə ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 12,1 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,9 milyon tonu (kondensat) "Şahdəniz"in, 90 min tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,2 milyon ton təşkil edib.
Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15 milyon tonu konsorsiumun, 2 milyon tonu isə SOCAR-ın payına düşüb.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 sentyabr 2023-cü il tarixinədək 622,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 579 milyon ton neft, "Şahdəniz"dən isə 43,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 sentyabr 2023-cü il tarixinədək 620,2 milyon tonu ixraca nəql edilib.