RUSİYA

Rusiya və Türkiyə "Sinop" AES layihəsinin praktiki məsələlərini müzakirə edir

Potensial "Sinop" atom elektrik stansiyası layihəsinin investisiya modelinə gəlincə, "Akkuyu" AES-dən elektrik enerjisinin satışından əldə olunan gəlirdən yeni stansiyanın tikintisinə pul ayrılması təklif edilir.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Rusiya tərəfi Ankara ilə Türkiyədə ikinci "Sinop" atom elektrik stansiyası layihəsinin praktiki məsələlərinin müzakirəsini davam etdirir.
Bunu "Rosatom"un rəhbəri Aleksey Lixaçov "RİA Novosti"yə bildirib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvada Prezident Vladimir Putinlə danışıqlardan sonra onunla Türkiyənin Sinop şəhərində yeni atom elektrik stansiyasının tikintisini müzakirə etdiyini bildirib. Bu, ölkədə "Akkuyu" AES-dən sonra ikinci atom elektrik stansiyası olmalıdır.
"Cənab Ərdoğan və Prezident Putin, bildiyiniz kimi, Soçidə bunu müzakirə ediblər. Biz isə bu layihənin praktiki məsələlərinin müzakirəsini davam etdiririk", - deyə Lixaçov Şərq İqtisadi Forumu çərçivəsində agentliyə bildirib.
Lixaçov daha əvvəl demişdi ki, "Rosatom" Türkiyədə ikinci olan "Sinop" atom elektrik stansiyasından ötrü "Akkuyu" atom elektrik stansiyası üçün olduğu kimi dörd enerji blokundan ibarət eyni layihəni təklif edir. Potensial "Sinop" atom elektrik stansiyası layihəsinin investisiya modelinə gəlincə, "Akkuyu" AES-dən elektrik enerjisinin satışından əldə olunan gəlirdən yeni stansiyanın tikintisinə pul ayrılması təklif edilir", - deyə "Rosatom"un rəhbəri qeyd edib.
Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tikintisi Rusiya-Türkiyənin birgə ən böyük layihəsi olub. Rusiyanın qabaqcıl təzyiqli su reaktoru olan TSR-1200 reaktorlarının hər biri 1200 MVt gücündə olan dörd enerji blokunun hamısı istismara verildikdən sonra stansiya ildə, təxminən 35 milyard kilovat-saat istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan ehtiyacının 10% -ə qədərini ödəyəcəyi planlaşdırılır. İlk enerji blokunun 2024-cü ildə işə salınacağı nəzərdə tutulub.
"Akkuyu" AES qlobal nüvə sənayesində "tik-sahib ol-işlət" modelindən istifadə etməklə həyata keçirilən ilk layihədir. Layihənin dəyəri, təxminən 20 milyard dollardır. "Akkuyu" nüvə enerjisində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
Xatırladaq ki, VIII Şərq İqtisadi Forumu 10-13 sentyabr 2023-cü il tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir. "RİA Novosti" forumun baş informasiya tərəfdaşıdır.