BAKI, 12 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri yenidən yüksəlir.
İnvestorlar ABŞ və Avropada faiz dərəcələri ilə bağlı dəyişiklikləri və neft tələbinə təsir göstərə biləcək makroiqtisadi məlumatları gözləyirlər. Digər tərəfdən, bazarlar OPEC-in açıqlayacağı hesabatda tələb və təkliflə bağlı proqnozları diqqətlə izləyirlər. Bu da neftin bahalaşmasına səbəb olur.
"Brent" markalı neft 28 sent artaraq 90,92 dollara, ABŞ-ın Qərbi Texas nefti 35 sent artaraq 87,64 dollara çatıb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 0,33 dollar azalaraq 96,73 dollar təşkil edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Bu addımlardan sonra "Brent" nefti keçən həftə 10 ayda ilk dəfə olaraq 90 dollara çatıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.