BAKI, 12 sentyabr — Sputnik. ABŞ-da COVID-19 infeksiyalarının sayı payız və qış aylarında artacaq, lakin kritik səviyyələrə çatmayacaq. Bunu ABŞ-ın keçmiş baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Entoni Fauci bildirib.
"Çox güman ki, (infeksiya hallarının sayı - red.) payız və qış irəlilədikcə artacaq", - deyə Fauci "ABC News" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, inkişaf etmiş immunitet və peyvəndlər sayəsində yoluxma hallarının və xəstəxanaya yerləşdirilmələrin sayı pandemiya dövründəki səviyyəyə çatmayacaq.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, avqust ayında xəstəxanaya yerləşdirilmələrin sayı 15,7% artıb.
"Washington Post" qəzetinin yazdığına görə, ABŞ əhalisinin bir hissəsi maskaların taxılmasına qarşı çıxır, çünki onlar bunu hüquqların pozulması kimi qiymətləndirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.